1. Bu “BakıKART” Kartından istifadə şərtləri” (bundan sonra - “Şərtlər”) “BakıKART” avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş ictimai nəqliyyat xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən ictimai nəqliyyat xidmətlərinə görə ödənişin əvvəlcədən edilməsi üçün Sizinlə Kartın və Sistemin müvafiq qaydada müvəkkil edilmiş Operatoru arasında Kartların alınması və onlardan istifadə qaydalarını tənzimləyir.
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.4-cü maddəsinə uyğun olaraq qiymətini ödəməklə Kartı əldə edərək, oxudaraq və / və ya Kartın balansını hər hansı vasitə ilə artıraraq, Şərtləri oxuduğunuzu, başa düşdüyünüzü, bütün müddəaları ilə razı olduğunuzu və hazırki ofertanı (təklifi) tam və qeyd-şərtsiz aksept (qəbul) etdiyinizi bəyan edirsiniz.
3. Hazırkı Şərtlərin (ofertanın) qəbul (aksept) edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş yazılı imza ilə imzalanmasına bərabər tutulur və oferta aksept edildiyi andan qüvvəyə minir.
4. Kartı almazdan əvvəl hazırkı Şərtlər sərnişinə www.bakikart.az saytında və Mobil tətbiqdə yerləşdirilməklə təqdim edilir. “BakıKart” tətbiqindən istifadə şərtləri Portalda və Mobil tətbiqdə yerləşdirilən ““BakıKart” Tətbiqindən istifadəyə dair Müqavilə” (bundan sonra – “Müqavilə”) ilə tənzimlənir.
5. Bu Şərtlər İstifadəçi və Daşıyıcı arasında sərnişin daşınması müqaviləsini təşkil etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 842.2 maddəsinə əsasən sərnişin daşınması müqaviləsi İstifadəçi bu Kartdan istifadə etməklə gediş haqqını ödədiyi andan və həmin maddədə göstərdiyi digər hallarda bağlanmış hesab edilir. Müvafiq Daşıyıcının göstərdiyi sərnişin daşınması xidmətlərindən istifadə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq Daşıyıcının qaydaları ilə tənzimlənir.
6. Kartın tərtib edilmə dizaynını Operator sərbəst müəyyən edir və Kartın üzərində eyniləşdirmə nömrəsi qeyd olunur.
7. Kartdan istifadə ilə gediş haqqı ödənilən Daşıyıcıların siyahısı Tətbiqdə qeyd edilir.
8. Bu Şərtlərin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
9. Şərtlərdə təsbit edilmiş hər bir anlayış və ya tərif, Şərtlərin hansı hissəsində yerləşməsindən asılı olmayaraq öz mənasını saxlayır.
10. Kart məhdud və məhdudiyyətsiz olmaqla iki növdə buraxılır (birlikdə “Kartlar”).
11. Məhdud istifadə üçün buraxılan Kart dedikdə Operator tərəfindən müəyyən edilmiş saya uyğun olaraq ictimai nəqliyyatdan istifadə hüququ verən Kart nəzərdə tutulur. Məhdud istifadə üçün buraxılan Kartların istifadə müddəti ilk istifadə günündən etibarən 45 gün təşkil edir və onun balansında olan vəsait geri qaytarılmır.
12. Məhdudiyyətsiz istifadə üçün buraxılan Kart dedikdə İstifadəçi tərəfindən Karta ödənişlərin edilməsi şərtilə qeyri-müəyyən sayda ictimai nəqliyyatdan istifadə hüququ verən Kart nəzərdə tutulur. Məhdudiyyətsiz istifadə üçün buraxılan Kartların zəmanət müddəti Kartın ilk istifadəsindən etibarən 1 (bir) il təşkil edir və onun balansında olan vəsait son istifadə tarixindən 1 (bir) il müddətində Sizə geri qaytarılır. Həmin müddət ərzində Kart istifadə edilməzsə, İstifadəçinin bu Şərtlərin icrasından birtərəfli qaydada imtina etdiyi başa düşülür və bununla İstifadəçi ilə bağlanmış saziş ləğv edilmiş sayılır. Bu halda İstifadəçinin Kartının balansında olan vəsaitin geri qaytarılması tələbindən Operator imtina etmək hüququna malikdir və belə imtinaya görə məsuliyyət daşımır. Bu Şərtlərin məqsədləri üçün “istifadə” dedikdə Kartın balansının artırılması və/və ya ictimai nəqliyyatdan istifadə edilməsi üçün oxuma cihazında oxudulması nəzərdə tutulur.
13. Məhdud istifadə üçün buraxılan Kartın qiyməti 0.20 manat, məhdudiyyətsiz istifadə üçün buraxılan Kartın qiyməti – 2 (iki) manat təşkil edir (bundan sonra – Kartın qiymətləri adlandırılacaq). Məhdud yaxud məhdudiyyətsiz Kartın qiymətlərini ödəməklə Siz yalnız müvafiq Karta sahib olursunuz. Daşıyıcıların sərnişin daşınma xidmətlərindən istifadə etmək üçün məhdudiyyətsiz istifadə üçün buraxılan Karta gediş haqqını müəyyən edilmiş qaydada Siz ödəyirsiniz. Məhdud istifadə üçün buraxılan Kartın balansını Operator tərəfindən müəyyən edilən istifadə sayına uyğun olaraq Kartın qiymətinə əlavə olaraq ödəyirsiniz. Daşıyıcıların sərnişin daşınma xidmətlərinin qiymətləri qanunvericiliyə müvafiq qaydada müəyyən edilir.
14. Siz Kart ilə aşağıdakı hərəkətləri edə bilərsiz:
1. Terminallar vasitəsilə - Kartı Kartların satıldığı və ya balansının artırıldığı məntəqələrdə quraşdırılmış avtomatlara daxil edərək müvafiq bölməni seçməklə ekranda göstərilən təlimatlara əməl etmək və balansa qoymaq istədiyiniz pul məbləğini avtomata daxil etmək və ya balansın artırılması üçün buna dair müvəkkil edilmiş şəxsə müraciət etmək lazımdır.
2. Tətbiq vasitəsilə – www.bakikart.az veb səhifəsinə daxil olduqdan və ya Mobil tətbiqi yüklədikdən sonra qeydiyyatdan keçib Hesabda Kartın məlumatlarını daxil edərək bank Kartı vasitəsilə ödəniş etmək lazımdır.
15. Kartlar adsız buraxılır (Kart üzərində və ya Operatorun informasiya sistemində Kartın sahibinin adı qeyd edilmir) və Kartın sahibi olan hər bir şəxs ondan istifadə edə bilər. Kart itirildikdə və ya yararsız hala düşdükdə – Kart bərpa edilmir, Kart bloklanmır, Kartda olan balans qaytarılmır, Kartın balansı digər Karta köçürülmür və ya istifadəsi ilə bağlı hər hansı məlumat təqdim edilmir. İstifadəçi Kartı digər şəxsə verdikdə və ya Kart digər şəxsin istifadəsində olduqda (tapıldıqda və s.) həmin şəxs Kartı qəbul etməklə onun istifadəçisinə çevrilir və bu Şərtlərlə razı olması barədə iradəsini ifadə etmiş olur. Zədələnmiş lakin istifadəyə yararlı olan Kartın dəyişdirilməsi həyata keçirilmir. Kartın yenidən satılmasına icazə verilmir və Operator bu hərəkətin nəticələrinə görə heç bir məsuliyyət daşımır.
16. Kart cızıldıqda, çatladıqda, əzildikdə, qırıldıqda yararsız hala düşə bilər. Kartın əyilməsi, həddindən artıq soyuq və ya isti temperatura məruz qoyulması, yüksək nəmişlik şəraitində saxlanması və ya kimyəvi mayelərə salınması, hər hansı maye və ya güclü elektromaqnit təsirə məruz qoyulması, radiosiqnalları ekranlaşdıran hər hansı bağlı əşyaya və ya digər ekranlaşdırma maddə tərkibli qurğuya/cihaza yerləşdirmək və ya Kartdan Şərtlərə uyğun olmayan hərəkətlərin yerinə yetirilməsi üçün istifadə edilməsi Kartı yararsız edə bilər. Kart oxuma cihazında oxunmadıqda Operatorun “Kart-Analiz Mərkəzlərinə” və ya *4343 üzrə müştəri xidmətlərinə müraciət edə bilərsiz. Kart istifadəçinin təqsiri səbəbindən yararsız hala düşdükdə, lakin Kartın üzərində olan eyniləşdirmə nömrəsinin oxunması mümkündürsə, Kartın balansındakı vəsait istifadəçinin müraciəti əsasında Kartın qiyməti istifadəçi tərəfindən yeni Kart təqdim edilməklə yeni Karta köçürülür. Kartın Operatorun təqsiri ucbatından işləməməsi müəyyən edilərsə Kart Operator tərəfindən dəyişdirilir və Kartda olan balans yeni Karta köçürülür.
17. Kartdan Şərtlərdə nəzərdə tutulmayan hərəkətlərin yerinə yetirilməsi üçün istifadə edilməsi, Kartın Tətbiqdə qeyd olunan məntəqələrdən və üsullardan başqa məntəqələrdə və üsullarla əldə edilməsi və ya balansının artırılması, Kartda olan elektron informasiyanın hazırkı Şərtlərlə müəyyən edilən üsullardan kənar vasitələrlə oxunması, surətinin çıxarılması, dəyişdirilməsi, Kartın dublikatının çıxarılması qadağandır. İstifadəçi qeyd olunan hərəkətlərin yerinə yetirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və həmin hərəkətlərin yerinə yetirilməsi nəticəsində məruz qaldığı itkilərə görə cavabdehdir.
18. Tərəflərin nə əvvəlcədən görə bilmədikləri, nə də görülə biləcək tədbirlərlə təsir etməyə qadir olmadıqları qarşısıalınmaz qüvvə (məsələn, dövlət ödəniş sistemlərinin fəaliyyətində nasazlıq, elektrik enerjinin və ya rabitə xidmətlərinin təchizatında fasilələr, zəlzələ, daşqın, yanğın, tətil, dövlət orqanlarının qərarları, hərbi əməliyyatlar, terror aktları, üçüncü şəxslərin hərəkətləri) nəticəsində Tərəflər bu Şərtlərdə qeyd olunan öhdəliklərini qismən və ya tamami ilə icra edə bilmədikdə, Tərəflər belə qarşısı alınmaz qüvvənin davam etdiyi bütün müddət üzrə öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azaddırlar.
19. Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
20. Bu Şərtləri Siz hər an www.bakikart.az internet səhifəsinə keçməklə oxuyub çap edə bilərsiz. İstifadəçiyə əvvəlcədən xəbərdalıq edilmədən Operator tərəfindən birtərəfli qaydada bu Şərtlərə dəyişikliklər edilə bilər. Bu Şərtlərə dəyişikliklər edildikdə növbəti dəfə Kartın balansının artırılması, öyrənilməsi və ya Oxuma cihazında oxudulması ilə bu Şərtlərin 4-cü bəndi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığınız halda dəyişikliklərlə razılaşdığınızı təsdiq edirsiniz.
21. Tətbiqdə bu Şərtlərdə qeyd olunmayan Şərtlərin ayrılmaz tərkib hissəsi hesab edilən əlavə müddəalar müəyyən edilə bilər.
22. Operator Kartdan hər hansı qeyri-qanuni və ya saxtakar istifadə aşkar etdikdə və ya buna dair yetərli şübhələr olduqda, Kartı bloklaşdırmaq (müvəqqəti və ya həmişəlik) və ya digər məhdudiyyətləri tətbiq etmək hüququna malikdir. Operator Kartın bloklaşdırılması nəticəsində İstifadəçinin qarşılaşdığı hər hansı itkilərə görə məsuliyyət daşımır.
23. İstifadəçi Kartın balansını qeyri-qanuni yolla artırmağa və ya istifadəyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
24. Kartların hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslər tərəfindən əldə edilməsi və ya istifadə edilməsi üzrə əlavə şərtlər Operator və müvafiq hüquqi şəxs ya va fərdi sahibkar ilə arasında bağlanan müqaviləyə uyğun olaraq müəyyən edilir.
25. Hazırkı Şərtlər Azərbaycan, Rus və İngilis dillərində tərtib olunmuşdur. Bu Şərtlərin tərcümə edilmiş versiyalarının mənaları arasında hər hansı bir uyğunsuzluq olduqda, Azərbaycan dilindəki versiya üstünlük təşkil edəcəkdir.